MVP haqqında danışanda ən çox eşitdiyim suallardan biri budur: “İlk versiyada neçə funksiya olmalıdır?” Məncə, başlanğıc sual başqadır: “Bu versiya hansı fərziyyəni yoxlayacaq?” Məhsulun ilk buraxılışı sadəcə kiçik proqram deyil. O, müştəri problemini, təklif etdiyimiz həlli və biznes modelimizi öyrənmək üçün vasitədir.
Funksiya siyahısından əvvəl problemi yaz
Təsisçi olaraq ideyanı başqalarına izah etmək asandır: tətbiq olacaq, rezervasiya olacaq, ödəniş olacaq. Amma istifadəçinin gündəlik vəziyyətini bir cümlə ilə yazmaq daha çətindir. Kim, hansı anda, hansı problemlə üzləşir? İndi bu işi necə həll edir? Mövcud üsulun hansı hissəsi vaxt, pul və ya etibar itkisi yaradır?
Məsələn, xidmət biznesi “onlayn təqvim istəyirəm” deyə bilər. Əsas problem isə telefonla gələn rezervasiyaların qarışması, boş vaxtların görünməməsi və təsdiqlərin gecikməsi ola bilər. Təqvim həllin bir hissəsidir; problem ifadəsi isə məhsul qərarlarını birləşdirən əsasdır.
- Müştəri qrupu: rezervasiyaları əl ilə idarə edən kiçik xidmət biznesi.
- Mövcud proses: mesajlar, telefon zəngləri və ayrı qeydlər.
- Ağrı: vaxtın itməsi və rezervasiya səhvləri.
- Gözlənilən nəticə: bir rezervasiyanı daha aydın və rahat idarə etmək.
Fərziyyələri bir-birindən ayır
Məhsul haqqında əmin olduğumuz çox şey əslində fərziyyədir. Müştərinin problemi ciddi sayması bir fərziyyədir. Təklif etdiyimiz həlli seçməsi başqa fərziyyədir. Bunun üçün ödəniş etməsi isə üçüncü fərziyyədir. Bunları bir böyük məhsulun içində eyni anda yoxlamağa çalışmaq öyrənməyi çətinləşdirir.
İlk test üçün ən riskli fərziyyəni seç. Əgər müştərinin problemi yaşayıb-yaşamadığını bilmirsənsə, tam proqram yazmaq tezdir. Əgər problem aydındır, amma istifadəçi axını yoxlanmayıbsa, interaktiv prototip kömək edə bilər. Əgər proses işləyir, amma ödəniş niyyəti bilinmirsə, sadə satış və iştirak axını daha faydalı ola bilər.
MVP sərhədini nəticəyə görə çək
İlk versiyanın sərhədi “əsas funksiyalar” ifadəsi ilə bitmir. İstifadəçi konkret işi əvvəldən axıra qədər görə bilməlidir. Rezervasiya nümunəsində xidmət seçimi, vaxt seçimi, məlumatın daxil edilməsi və təsdiq axını birlikdə işləməlidir. Gözəl ana səhifə qurub son addımı əl ilə və anlaşılmaz saxlamaq bütöv təcrübə yaratmır.
Eyni zamanda bütün əlavə modulları ilk versiyaya yığmaq lazım deyil. CRM, loyallıq, marketinq və geniş hesabatlar ayrıca dəyər yarada bilər, amma ilk testin sualına cavab vermirlərsə, növbəti mərhələyə keçə bilərlər. Əsas meyar sadədir: bu funksiya indiki fərziyyəni yoxlamağa xidmət edirmi?
Öyrənmə planını buraxılışdan əvvəl hazırla
“İstifadəçilər baxsın, sonra görərik” zəif plandır. Testə başlamazdan əvvəl kimlə danışacağımızı, hansı davranışı müşahidə edəcəyimizi və hansı qərarı verəcəyimizi yazmaq daha yaxşıdır. İstifadəçi prosesdə harada dayanır? Yardım istəyirmi? Təkrar istifadə edirmi? Əvvəlki üsula qayıdırmı?
Bir göstərici ilə hər şeyi izah etməyə çalışma. Qeydiyyat sayı marağı göstərə bilər, amma əsas işin tamamlanmasını göstərməz. Səhifəyə baxışlar görünürlük verir, amma real ehtiyacı təsdiqləmir. Məhsulun məqsədinə uyğun bir neçə ölçü seç və nəticəni müştəri söhbətləri ilə tamamla.
İlk müştəri ilə işləmək məhsul işidir
Satışdan sonrakı ilk istifadə mərhələsi discovery-nin davamıdır. Müştəridən yalnız “bəyəndiniz?” soruşmaq əvəzinə, son dəfə məhsulla hansı işi gördüyünü danışmasını istə. Nə asan oldu? Nə üçün ayrıca mesaj yazdı? Hansı məlumatı sistemdən kənarda saxladı? Bu detallar yeni funksiya ideyalarından daha qiymətli ola bilər.
Mink və Tad1 üzərində işləyərkən də yanaşmam budur: real prosesi başa düşmək, problemi konkretləşdirmək və istifadəçi rəyinə əsasən iterasiya etmək. Bir neçə böyük fərziyyəni eyni anda gizlədən məhsuldansa, aydın öyrənmə verən kiçik buraxılış daha faydalıdır.
Növbəti addım üçün bir səhifəlik çərçivə
Öz ideyan üçün bir səhifədə müştərini, problemi, əsas fərziyyəni, minimum axını və ölçəcəyin nəticəni yaz. Sonra backlog-dakı hər elementi bu çərçivə ilə yoxla. Uyğun gəlməyən işi dərhal silmək lazım deyil; onu düzgün mərhələyə keçir.
MVP-nin məqsədi az funksiya göstərmək deyil, doğru sualı daha tez cavablandırmaqdır.
Əgər ideyanın MVP sərhədini və məhsul roadmap-ını birlikdə aydınlaşdırmaq istəyirsənsə, aşağıdakı keçiddən görüş təyin edə bilərsən.
Suallar və cavablar
MVP ilə prototip eynidirmi?+
Xeyr. Prototip istifadəçi axınını yoxlamağa kömək edə bilər; MVP isə konkret fərziyyəni real təcrübə ilə yoxlamaq üçün seçilən ilkin həldir.
İlk versiyaya neçə funksiya daxil edilməlidir?+
Sabit say yoxdur. Əsas istifadəçi işini tamamlamaq və testin sualına cavab vermək üçün lazım olan minimum həcm seçilir.
Məhsul ideyanı birlikdə planlayaq
Biznesin, məhsulun və ya komandan üçün doğru addımı birlikdə tapaq.
Məhsul ideyanı birlikdə planlayaq


